27 sentyabr - Azərbaycanda yeni dövrün başlanğıcıdır | ŞƏRH

 27 sentyabr  - Azərbaycanda yeni dövrün başlanğıcıdır | ŞƏRH
  27 Sentyabr 2024    Oxunub:1394
Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
Bu tarixi günlə bağlı AzVision.az -a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu gün tarixi dönüş nöqtəsidir:

"Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulan gündür, torpaqların işğaldan azad olunması tarixidir. Bu, həm də xalqın özünə inamını qaytardı, dövlətin üzərindəki töhməti götürdü. Həmişə boynu bükük vəziyyətdə, torpağı işğal olunmuş xalqın övladları kimi yaşamaq dövrünü tamamladıq. Qürurlu, özünə güvənən, gücünü qiymətləndirən xalqa çevrildik. Ona görə də bu bizim üçün çox önəmli bir tarixdir və bu tarixi mütləq yaşatmalıyıq.

Dövlət başçısı da elə buna görə bu günlə bağlı ayrıca sərəncam verdi və Anım Günü təsis edildi. Bütün Azərbaycan xalqının qəlbi ən ülvi duyğularla döyündü. Çünki torpağın azad olunması bizim kədərimizə son qoydu".

Vətən müharibəsinin başlamasından 4 il ötür
Millət vəkili Naqif Həmzəyev isə qeyd edib ki, 27 sentyabr Azərbaycanın zəfər tarixinin başlanğıc günüdür:

"Məhz 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını almaq məqsədilə başladılmış əks-hücumlar 44 gün davam etdi. Biz beynəlxalq hüquq və konvensiyalara, hərbi qaydalara əməl edərək torpaqlarımızı işğaldan azad etdik. Ermənistan silahlı qüvvələrindən və separatçılardan fərqli olaraq, Azərbaycan əsgər və zabitləri ədalətlə, şərəflə döyüşdülər. Bir nəfər də dinc sakin hədəf alınmadı.

27 sentyabr Azərbaycanın yeni dövrünün başlanğıcıdır. Məhz 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfər bizə yeni reallıqlar yaratmağa imkan verdi. Bu yeni reallıqlar da Azərbaycanı daha güclü, qüdrətli etdi. Bu zəfər Ordu-Xalq-Ali Baş Komandan birliyi hesabına başa gəldi. Bu bərabərliyimiz davam etdiyi üçün 2023-cü ilin sentyabr ayının 19-20-də həyata keçirilən antiterror tədbirləri zamanı suverenliyimizi tam bərpa etdik. Bu birlik davam etməkdədir. Azərbaycan günü-gündən güclənir. Dünya ictimaiyyəti Azərbaycanın bu zəfərini qəbul edir. Beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi üçün Azərbaycanı yekdilliklə dəstəkləyirlər".

Deputat onu da bildirib ki, Azərbaycan ordusu hazırda Birinci Qarabağ savaşı vaxtı olduğundan qat-qat güclüdür:

"Silahlı Qüvvələrimiz müasir dövrün tələblərinə cavab verəcək ən yeni silah-sursat və texnikalarla təchiz edilib. Azərbaycanın ən böyük üstünlüyü ondan ibarətdir ki, biz qətiyyən işğalla barışmadıq. Ermənistanın havadarlarının onu dəstəkləməsi heç bir önəm daşımadı. Biz işimizi layiqincə gördük. Gənclərimiz arasında vətənpərvərlik ruhunu daim ən yüksək səviyyədə saxladıq. Qarabağı görməsə də, o torpaq üçün canını verən əsgərlər, zabitlər yetişdirə bildik. Müharibə zamanı Azərbaycan ordusunda heç bir fərarilik faktına rast gəlinmədi. Ermənistan silahlı Qüvvələrində isə 10 mindən çox fərarilik faktı var. Onlar silaha qoyub qaçırdılar. Çünki o torpaq onlarınkı deyildi və o torpaq üçün də vuruşmaq istəmirdilər.

Ancaq biz XXI əsrdə torpaqlarını işğaldan azad edə bilən və vətənpərvər torpaq uğrunda canını qurban verməyə hazır olan bir nəsil yetişdirə bildik. Bu günləri də o nəslin övladları böyüməkdədir. Dünya ictimaiyyəti, xalqları Azərbaycanı hörmətlə anırlar. Gələcək nəsillər də həmişə 27 sentyabr tarixində başlanmış zəfər yolunu xatırlayacaqlar və bu şərəf tarixini həmişə gələcək nəsillərə ötürəcəklər. Anım günümüzü hörmətlə anırıq, şəhidlərimizi yad edirik. Allah onlara rəhmət etsin! Onların ruhu qarşısında baş əyirik. Bir daha heç bir xarici qüvvə cəsarət edib Azərbaycanın suverenliyini təhdid altına ala bilməyəcəkdir. Azərbaycan dövləti günü-gündən güclənir, qüdrətlənir. Bizlər də bu güclü dövlətin vətəndaşları olaraq dövlətimizlə, dövlətçiliyimizlə və şərəf, zəfər tariximizlə fəxr edirik".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   27sentyabr   Anımgünü  





Xəbər lenti